16.08.2016
Foundation proqramı nədir?
Universtitetə qəbul olmuş xarici tələbə üçün vacib məsələlərdən biri onun təhsil alacağı dili mükəmməl bilməsidir. Əgər siz orta məktəbi Azərbaycanda bitirmisinizsə və ali təhsilinizi başqa ölkədə almaq istəyirsinizsə, bu zaman siz Foundation proqramı adlı xüsusi dil hazırlığı keçməli olacaqsınız.
Foundation proqramı – Böyük Britaniya və digər dünya ölkələrində universitetlərə daxil olmuş xarici tələbələr üçün nəzərdə tutulmuş dil hazırlığıdır. Foundation proqramı (ing. foundation- fundament, əsas) Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Yeni Zellandiya və İrlandiya universitetlərində dünənin məktəbli şagirdlərini bugünün tam tələbəsi kimi yetişdirən proqramdır. Bu proqrama sərf olunan il ərzində bir ölkənin təhsil sistemindən digərinə keçərkən qaçılmaz olan “boşluqlar” doldurulur. Qeyd edək ki, bizim təhsil sisteminə əsasən, orta təhsil müddəti 11 il hesablandığı halda, Birləşmiş Krallıq və digər qərb ölkələrində bu müddət 12 ildir.
Foundation proqramının əsas məqsədi Britaniya universitetlərinə daxil olmuş xarici tələbələrin hazırlığıdır. Proqramın müddəti 9 aydır. Proqram sentyabrda və ya yanvarda başlayır. Bununla da, proqramın uğurla başa vurulması tələbənin 100% universitetə qəbul olmasını sığortalayır.
Proqrama necə başlamalı?
Qəbul üçün tələblər:
- 16 yaşdan yuxarı olmaq;
- İngilis dili səviyyəsi 4.5 IELTS və 450 TOEFL-dan aşağı olmamaq;
- Orta məktəb bitirmək;
- Yüksək orta ballı attestat.
Dərslər kim tərəfindən tədris olunur?
Universitetlərə dil hazırlığı 2 istiqamətdə həyata keçirilir. Bir tərəfdən, müəllimlər xarici tələbələrə dil bariyerini aşmağa, lüğət tərkibi gönişləndirməyə, asan ünsiyyət qurmağa kömək etdiyi halda, digər tərəfdən isə Foundation proqramında vacib fənn olan “Akademik məqsədlər üçün ingilis dili” fənnini tədris edirlər. Bu fənn çərçivəsində tələbələr Britaniyada təhsil almaq üçün lazım olan qrammatika, yazı bacarıqları, terminologiyanı, bundan əlavə, öyrənməyi öyrənirlər. Buraya mühazirələri dinləmək,onları qısaltmaq bacarıqları, oxunanlara sualların tərtib olunması, esselərin, məktub hesabatların yazılması daxildir. Bundan əlavə, Foundation proqramı üzrə IELTS, TOEFL kimi dil imatahanlarına hazırlıq keçirilir, çünki bu növ imtahanlarda uğurlu nəticə əldə etmək üçün dil biliyinin güclü olması kifayət deyildir. İmtahanın keçirilmə formasını bilmək vacibdir, yəni test haqqında aydın təsəvvür yaratmaq, hansı tip tapşırıqların həll olunacağını, hər tapşırığa ayrılmalı olan zaman müddəti, cavabların doldurulması qaydalarını qabaqcadan öyrənmək önəmlidir. Foundation proqramında iştirak edənlər bu növ testlərin sınaq imtahanlarına qoşulmaqla öz zəif cəhətlərini aşkarlamaq və onları aradan qaldırmaq şansı əldə edirlər. Bütün bunlar imtahanda əlavə bal deməkdir. Lakin Foundation universitetə hazırlıq proqramı sadəcə ingilis dilinin tədrisi ilə məhdudlaşmır. Proqram çərçivəsində bəzi konkret fənlər tədris edilir. Burada əsas məsələ təhsil alacağınız fakültəyə uyğun gələn 3-4 fənnin düzgün seçilməsidir. Bu riyaziyyat və fizika, təbiət elmləri, tarix və fəlsəfə, iqtisadiyyat, incəsənət elmləri ola bilər.
Müxtəlif ölkələrin Foundation proqramları arasında fərqlər.
Foundation proqramı müxtəlif ingilisdilli ölkələrdə oxşar prinsiplər əsasında bir neçə fərqli xüsusiyyətlər olmaqla həyata keçirilir. Məsələn, bu növ proqramların tətbiqinə son zamanlar keçmiş İrlandiyada tələbələrin universitetqabağı hazırlığını universtetlər özləri həyata keçirir. Başqa sözlə desək, siz bu proqramı seçərkən həmçinin ali məktəbdə təhsil alacağınız yeri də seçmiş olursunuz. Böyük Britaniyada isə tam olaraq bu cür həyata keçirilmir. Burada Foundation proqramı daha ümumi, universal xarakter daşıyır. Bu o deməkdir ki, Foundation proqramını bir universitetdə bitirib digər universitetdə ali təhsil almaq olar. Burada əsas olan universitetlərarası əlaqələrin qurulmasıdır. Belə ki, Böyük Britaniyada hansı universitet daha yaxşı Foundation təhsili verirsə, onun əməkdaşlarının sayı da çox olur.
Britaniya universitetlərinə müraciət edərkən bu proqramdan əldə olunan nəticə də kifayət qədər əhəmiyyət kəsb edir. Proqramı yüksək balla bitirən tələbələr Böyük Britaniyanın daha prestijli universitetlərində təhsil almaq imkanı qazanır. Lakin İngiltərədə hazırlıq proqramından əvvəl də universitet seçmək mümkündür.
Universitet hazırlığı proqramları xüsusi dil hazırlığı mərkəzlərində də həyata keçirilir.
sti-mail__feedback__title_secondary