Azərbaycan respublikası
Əhalisi 8 milyon 922 min nəfər
Sahəsi 86,6 min kv km
Dil Azərbaycan dili
Pul vahidi Manat
TarixiCoğrafi mövqeyi.
Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşib və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.
Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.
Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25' - 41°55', şimal enliklər və 44°50' - 50°51' şərq uzunluqları arasında yerləşir. Avropa və Asiyanın qovşağında yerləşir
Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvi Azərbaycanın iqlimi, Bakının təbiəti və burada neft çıxarılması, Hacı Zeynalabdin Şirvani və Abbasqulu ağa Bakıxanov Azərbaycanın coğrafiyası haqqında fikir söyləsmişlər. Azərbaycan ərazisinin öyrənilməsində həmçinin V.Abix, İ.Fiqurovski, A.Zaxarov və başqalarının xidməti olmuşdur. Azərbaycan Respublikasının ərazisinin kompleks tədqiqinə isə Sovet hakimiyyəti illərində başlanmış, müxtəlif miqyaslı xəritələr tərtib edilmiş, samballı coğrafi atlaslar yaradılmışdır.
Relyefi
Azərbaycan Respublikasının relyefi çox müxtəlifdir. Burada iki əsas relyef forması - düzənliklər və dağlar üstünlük təşkil edir.
Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Respublikanın əsas geomorfoloji vahidləri olan Böyük Qafqaz, Kiçik Qafqaz (Qarabağ yaylası ilə birlikdə) və Talış dağları Kür-Araz ovalığını şimaldan, qərbdən və cənub-şərqdən əhatə edir. Naxçıvan Muxtar Respublikası Araz çayının orta axımı və onu əhatə edən Zəngəzur və Dərələyəz sıra dağlarının hüdudlarında yerləşir.
Respublika ərazisinin orta yüksəkliyi 400 metrə qədərdir. Lakin Xəzərsahili ovalıq okean səviyyəsindən aşağıda (hazırda -26,5m) olduğu halda, ən yüksək zirvə olan Bazardüzünün hündürlüyü 4466 metrdir. Deməli, respublika ərazisində hündürlük fərqinin 4500 metrə yaxın olduğu aydın görünür.
Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə -Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə - Qusar maili düzənliyidirş
İqlimi
Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Daxili suları
Respublikanın sıx çay şəbəkəsi, onun ərazisini sanki mavi hörümçək toru ilə örtmüşdür. Azərbaycan ərazisində irili-xırdalı 8400-ə yaxın çay vardır. Onlardan 850-si 5 km-dən artıq uzunluğa malikdir. Lakin uzunluğu 100 km-dən artıq olan çayların sayı cəmi 24-dür. Kür və Araz çayları Qafqazın ən iri çayları olub, ölkənin başlıca suvarma və hidroelektrik enerjisi mənbələridir.
Tarixi
Azərbaycan sivilizasiyanin ən qədim mərkəzlərindən biri olmaqla zəngin və qədim tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan məskənlərindən olan Azıx mağarasının , qədim daş dövrünə aid bir sıra insan məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir, bəşəriyyətin ilkin beşiklərindəndir. Azərbaycanda sivilizasiyanın inkişafının əsas mərhələləri müəyyən edilmişdir. Eramızdan əvvəl III minillikdə burada qəbilələrin formalaşması prosesi getmiş, eramızdan əvvəl I minillikdə isə ilk siyasi qurumlar meydana gəlmişdir. Eramızdan əvvəl IX əsrdə Azərbaycan dövlətçiliyi təşəkkül tapır: yüksək iqtisadi və mədəni səviyyəyə malik Manna çarlığı yaranır. Mannalılar təbiət hadisələrinə, günəşə və aya inanırdılar.
Eramızdan əvvəl VI əsrin əvvələrində Manna Midiya dövləti tərəfindən fəth edilmişdir. Bu dövrdə Zərdüştlik rəsmi din idi və onun burada yayılmasının səbəbi öz-özünə yanan neft və qaz mənbələrinin mövcudluğu idi. Antik dövrdə Azərbaycan ərazisində müstəqil dövlətçiliyin bərqərar olmasında Atropatena və Albaniya dövlətləri böyük rol oynamışdılar. Ölkənin adı Atropatena çarı Atropatın adı ilə bağlıdır. Sonralar o dəyişikliklərə uğrayaraq "Azərbaycan" şəklinə düşmüşdür. Atropatenada Azərbaycan xalqının təşəkkülü prosesi başlamışdır. III-V əsrdə Azərbaycan dövləti möhkəmlənir. Azərbaycanda xristianlıq yayılmağa başlayır, Zaqafqaziyada ilk apostol və avtokefal xristian kilsələrindən hesab edilən kilsələr meydana gəlir, mənəvi və dünyəvi mədəniyyət inkişaf edir. VIII əsrin əvvəllərində Azərbaycan ərəblər tərəfindən işğala məruz qaldı və Arran vilayəti adı altında Ərəb Xilafətinin tərkibinə daxil oldu. İslam Azərbaycanda hakim dinə çevrildi. Yəni ənənələr və mədəniyyət təşəkkül tapdı. Orta əsrlərdə Azərbaycanin ərazisində dövlətçilikdə varislik saxlanmaqda idi: Qaraqoyunlu , Ağqoyunlu , Səfəvilər . Azərbaycanın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır.
Xalqımızın " Kitabi Dədə-Qorqud ", " Koroğlu " dastanları kimi möhtəşəm sənət abidələri, dünya sivilizasiya tarixində silinməz iz qoymuş Nizami Gəncəvi , Əfzələddin Xaqani , Xətib Təbrizi , Qətran Təbrizi , İmadəddin Nəsimi , Məhəmməd Fuzuli kimi korifeylərinin yaradıcılığı bəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist ideyaların bərqərar olmasına xidmət etmişdir. Səfiyyəddin Urməvinin , Əcəmi Naxçıvaninin , Sultan Məhəmməd Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi də heyran qoyur. Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirrəddin Tusinin , Əbulhəsən Bəhmənyarın , Mirzə Fətəli Axundovun , Abbasqulu ağa Bakıxanovun və digər mütəfəkkirlərin adları dünya elm aləminə yaxşı tanışdır. Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur. Məhəmməd Cahan Pəhləvanın , Qızıl Arslanın , Uzun Həsənin , Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti xalqın Vətən sevgisi və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə məqsədinə çevirmişdir. Azərbaycanı öz təsir dairəsinə salmaq uğrunda bəzi dövlətlərin rəqabəti XVIII əsrdə ölkədə daxili sabitliyin kəskin şəkildə pozulmasına gətirib çıxardı, nəticədə bir neçə müstəqil və yarımüstəqil dövlət qurumları - xanlıqlar meydana gəldi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində İran, Türkiyə və Rusiya arasında ziddiyətlər güclənməyə başlayır, Azərbaycan uğrunda müharibələr şiddətlənir. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil olur. XX əsrdə Azərbaycanda faydalı qazıntıların çıxarılması və emal edilməsi ilə bağlı sənayenin müxtəlif sahələri intensiv şəkildə inkişaf edir. Əsrin əvvəlində dünya neftinin yarıdan çoxunu və Rusiya neftinin 95 faizini verməklə Bakı dünyanın neft mərkəzlərindən birinə çevrilmişdi. 1917-ci ildə Rusiyada monarxiyanin süqutu əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və Məmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 23 ay yaşadıqdan sonra bu respublika 1920-ci il aprelin 28-də XI rus ordusunun Bakıya daxil olmasi ilə süqut etdi. 1922-ci il dekabr ayından Azərbaycan dövlət atributlarına malik - konstitusiyalı, bayraqlı, himn və gerbli müttəfiq respublika kimi SSRİ -nin tərkibinə daxil edildi. Xalqın uzun sürən azadlıq hərəkatları və SSRİ-nin dağılması nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi.
























